Peşə təhsili müəllimləri üçün ixtisasartırma təlimi keçirilib

27–31 oktyabr 2025-ci il tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniya Federativ Respublikasının Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. (BIWE) təşkilatının birgə əməkdaşlığı çərçivəsində müəllimlər üçün məktəb keyfiyyəti və müəllimlərin hazırlanması sahəsində geniş təcrübəyə malik 5 almaniyalı mütəxəssis tərəfindən qısamüddətli ixtisasartırma təlimi həyata keçirilib. Dörd gün davam edən təlim sessiyaları iki gün onlayn, iki gün isə əyani olmaqla hibrid formatda təşkil olunub və təlimlər ölkənin müxtəlif peşə ixtisas sahələrini təmsil edən 14 peşə təhsil mərkəzinin müəllimlərinin iştirakı ilə baş tutub. Təlimlər müasir pedaqogika yanaşmalarına əsaslanaraq interaktiv metodlarla, qrup işləri və praktiki tapşırıqlar vasitəsilə aparılıb və proqramın məzmunu kurikulumun inkişafı, ikili sistemin anlaşılması və tətbiqi, eləcə də effektiv tədris metodları və pedaqogika mövzularını əhatə edib. İştirakçılar əldə etdikləri alət və materialları dərsdə tətbiq etmək üçün sessiyalarda qrup işləri üzərində çalışıb və müzakirələr aparıblar. Proqram peşə təhsilində tədrisin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin qiymətləndirmə və dərs planlaşdırma bacarıqlarının artırılmasına, həmçinin sinifdə praktik və nəticəyönümlü metodların inkişaf etdirilməsinə xidmət edib, həmçinin materialların təkmilləşdirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyətinə toxunulub.