BBP Azərbaycan layihəsinin ikinci mərhələsinin açılış tədbiri keçirilib
9 oktyabr 2025-ci il tarixində “BBP Azərbaycan İkili Texniki Peşə Təhsili və Təlimi” layihəsinin ikinci mərhələsinin açılış tədbiri keçirilib.
Açılış nitqləri zamanı Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. (BiWe) təşkilatının nümayəndələri Mehmet Çakar və Astrid Lommek qurumun fəaliyyəti, layihənin birinci mərhələsində əldə olunan nailiyyətlər və yeni mərhələnin strateji istiqamətləri barədə məlumat təqdim ediblər.
Tədbirdə layihənin icrası və nəticələrinə dair təqdimat nümayiş etdirilib, yeni mərhələdə müəyyənləşdirilən peşə istiqamətləri kimi bərpa olunan enerji və ağıllı kənd təsərrüfatı sahələri barədə ətraflı məlumat verilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Könül Ələkbərova çıxış edərək peşə təhsili sahəsində həyata keçirilən islahatlardan danışıb, peşə təhsilinin məşğulluğun artırılmasında oynadığı mühüm rolu vurğulayıb və iştirakçıların suallarını cavablandırıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov isə mərkəzin fəaliyyəti, layihə çərçivəsində həyata keçirilən əməkdaşlıq və gələcək planlar haqqında məlumat verib.
Tədbirin panel sessiyasında “Sairs” MMC-nin təsisçisi Şöhrət Məmmədov, “Irrigation.az” MMC-nin direktoru Fuad İbadov və “Universal Solution Engineering & Consulting” MMC-nin direktoru Çingiz Xudaverdiyev iştirak ediblər. Paneldə yeni sahələrin ölkə üçün əlavə dəyəri və özəl sektorun bu istiqamətdə təklifləri layihənin icrasında imkan və çətinliklər müzakirə olunub.
Tədbirdə layihənin partnyor məktəbləri olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də regionlardan olan yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri və özəl sektor üzrə partnyorlar iştirak ediblər.