Peşə Təhsil Mərkəzində qızların dəstəklənməsinə həsr olunmuş tədbir keçirilib
19 may 2025-ci ildə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Dual TVET” (BBP Azerbaijan) layihəsi ilə əməkdaşlıq çərçivəsində 150-yə yaxın qonağın iştirakı ilə texniki peşələrdə qızların dəstəklənməsinə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirin məqsədi hədəf regionlardan olan Cəlilabad və yaxın regionlarda qızların texniki peşə sahələrində təhsil və təliminə, bərabər imkanlara çıxışına, tam potensiallarını reallaşdırmalarına dəstək olmaq və bu sahədə maraqlı tərəflərin məlumatlılığının artırılmasıdır.
Hazırda Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Vəliağa Məmmədov tədbirə açılış nitqi ilə başlayıb və tədbir iştirakçılarına təhsil mərkəzi barədə məlumat verib. Daha sonra Layihə meneceri Mehmet Çakar layihə fəaliyyətləri və peşə təhsilində qızlara dəstək üçün əməkdaşlıq imkanlarından danışıb.
Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Schwarz peşə təhsilində Almaniya təcrübəsindən bəhs edib və əmək bazarının real tələblərinə cavab verən kadr hazırlığında ikili təhsil və təlimin əhəmiyyətini vurğulayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Könül Ələkbərova peşə təhsilində qızlara dəstəyin daha yaxşı məşğulluq imkanlarına təsirinə və müsbət nəticələrinə toxunub. Peşə Təhsili İnkişafı Fondunun nümayəndəsi Fatimə Ələkbərova bu sahədə təşviqat işlərinin vacibliyini qeyd edib və fond haqqında məlumat verib.
Tədbirin davamında dövlət və özəl sektordan olan qadınların iştirakı ilə panel sessiyası baş tutub, texniki peşələrdə qadınların rolu, bu sahədə qarşılaşdıqları çətinliklər, dəstək mexanizmləri və gələcək karyera perspektivləri barədə fikirlərini bölüşüblər.
Növbəti panel sessiyasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzindən olan tələbə qızlar peşə seçimləri, təhsil prosesi zamanı qazandıqları bilik və bacarıqlar, müsbət təcrübələri haqqında danışaraq, texniki peşələrə marağı olan qızları da bu sahələri seçməyə çağırıblar.
Tədbirin yekununda mərkəzin heyəti və tələbələr tərəfindən hazırlanan müxtəlif əl işləri sərgilənib, tələbələrin iştirakı ilə musiqili proqram təqdim olunub. Tədbirdə mərkəzin tələbələri, müəllim heyəti, layihə tərəfdaşları və müxtəlif müəssisələrdən olan nümayəndələr iştirak ediblər.