İkili Texniki Peşə Təhsili layihəsinin Azərbaycan üzrə ikinci mərhələsi çərçivəsində Planlaşdırma təlimi keçirilib.

30-31 yanvar 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agenliyində “Dual TVET” peşə təhsili layihəsinin ikinci mərhələsi üzrə Planlaşdırma təlimi keçirilib. 2 günlük təlim Alternativ enerji və Ağıllı kənd təsərrüfatı sahələrində tədris aparan İqtisadi Zonaların İnkişafı Agenliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərinin müəllim və təlimçilərinin iştirakı ilə baş tutub. Təlimdə layihənin ikinci mərhələsi üzrə layihə planlaşdırılma cədvəli təhlil olunub və peşə təhsil müəssisələrinin müəllim heyəti ilə birgə müzakirələr aparılıb. Tədrisin və təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hər iki ixtisas sahələri üzrə fəaliyyətlərə baxış keçirilib, layihə resursları, əsas göstəricilər və çətinliklər qiymətləndirilib və qrup işləri təqdim olunub. Təlim Almaniya Federativ Respublikasından olan Texniki peşə təhsili sahəsində müstəqil ekspert Ingrid Portenkirchner tərəfindən moderasiya olunub və ZSL - Məktəb Keyfiyyəti və Müəllim Təhsili Mərkəzi təşkilatının Beynəlxalq Layihələr üzrə direktoru Konrad Neufeldin təqdimat çıxışı ilə yekunlaşıb. Qeyd edək ki, sözügedən layihə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən "Sequa" təşkilatı vasitəsilə maliyyələşdirilir və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatı icra olunur.