“4D Dual TVET” layihəsinin Azərbaycan üzrə birinci mərhələsinin bağlanış tədbiri keçirilib
27 noyabr 2024-cü il tarixində “4D Dual TVET” layihəsinin Azərbaycan üzrə birinci mərhələsinin bağlanış tədbiri keçirilib. Ölkədə 2021-ci ildən etibarən icra olunan layihənin əsas məqsədi peşə məktəblərində təlimin keyfiyyət və standartlarının yaxşılaşdırılması, əmək bazarının tələblərinə uyğun olaraq İKT və Mexatronika sahəsində peşə bacarıqlarının artırılması üçün peşə təhsilinin inkişafını dəstəkləməkdir.
Tədbirin rəsmi hissəsində çıxış edən Peşə Təhsili İnkişafı Fondunun İdarə heyətinin sədri İdris Musayev, İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və Bakı Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev peşə təhsili sahəsində qurumların fəaliyyət sahəsi, peşə təhsilində sonuncu fəaliyyətlər və planlar haqqında məlumat verərək bu təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Növbəti çıxışı Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V (BIWE) təşkilatının Beynəlxalq Layihələr üzrə Meneceri Astrid Lommek edərək, təşkilatın fəaliyyət sahəsi və həyata keçirdiyi layihələr barədə məlumat verib.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan üzrə Layihə meneceri Mehmet Çakar, layihənin birinci hissəsində görülən işlər və nailiyyətləri paylaşıb və layihənin hədəf qruplarına olunan dəstəyin və layihənin icrasında əməkdaşlıq imkanlarının əhəmiyyətini vurğulayıb.
Daha sonra ATL Academy, “SOCAR-Fugro” MMC və Coders Azərbaycan kimi müxtəlif partnyor şirkətlərdən olan nümayəndələr çıxış edib və tələbələrin müəssisələrdə təcrübə və öyrənmə prosesinin əhəmiyyətinə toxunublar.
Tədbir Bakı Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr çıxışları və rəqs nümayişi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən layihə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən "Sequa" təşkilatı vasitəsilə maliyyələşdirilir və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatı icra olunur.