Peşə məktəbində valideyn və tələbələr üçün məlumatlandırma tədbiri baş tutub.
1 noyabr 2024-cü il tarixində Sumqayıt şəhərində İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzinin və valideynlər və tələbələr üçün məlumatlatlandırma görüşü keçirilib. Tədbirdə valideynlərə və tələbələrə peşə təhsili, ixtisaslar və ikili peşə proqramı ilə bağlı məlumat verilib.
Tədbiri giriş nitqi ilə başlayan İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov peşə təhsil müəssisəsində tələbələrin təhsili ilə bağlı görülmüş işlər və planlarla bağlı çıxış edib.
“4D Dual TVET” layihəsinin Azərbaycan üzrə meneceri Mehmet Çakar layihə barəsində məlumat verərək, ikili peşə təhsilinin mahiyyəti və faydalarından bəhs edib, ikili peşə təhsili qruplarında təhsil alan və almağa başlayan tələbə və valideynləri məlumatlandırıb. İkili peşə təhsilində müxtəlif yerli və beynəlxalq müəsisələrlə təcrübə və əməkdaşlıq imkanlarının tələbələrin gələcək karyeralarında müsbət təsirinə toxunub.
Tədbirin davamında “Coders” Azərbaycan şirkətinin həmtəsisçisi Seymur Həmidov təqdimatla çıxış edərək layihə çərçivəsində şirkət tərəfindən yaradılmış tələbə idarəetmə sistemi olan “Performance System” mobil tətbiqini təqdim edib. Bu tətbiqin tələbələr, eləcə də müəllimlər üçün tədris prosesini daha interaktiv və effektiv edə biləcəyini, gündəlik qiymətləndirmə, davamiyyətin izlənilməsi və tapşırıqların göndərilməsi kimi bir çox funksionallığı özündə cəmlədiyini vurğulayıb.
Tədbirin sonunda valideynlərin rəyləri alınıb, onlar müxtəlif narahatlıqlarını səsləndirib və sualları cavablandırılıb.