“4D Dual TVET” layihəsi çərçivəsində hazırlanan mobil tətbiq istifadəyə verilib
24 sentyabr 2024-cü il Peşə təhsili üzrə tələbə idarəetmə sistemi və mobil tətbiq olan “Performance System” mobil tətbiqinin təqdimatı keçirilib. “4D Dual TVET” layihəsi çərçivəsində hazırlanan “Performance System” mobil tətbiqi peşə təhsili alan tələbələr, eləcə də təhsil müəssisələrinin müəllim və təlimçiləri üçün nəzərdə tutulub və tədris prosesini daha interaktiv və effektiv etmək məqsədi daşıyır. Bu tətbiq gündəlik qiymətləndirmə, davamiyyətin izlənilməsi və tapşırıqların göndərilməsi kimi bir çox funksionallığı özündə cəmləyir.
Tədbir Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfində və "Sequa" təşkilatı vasitəsilə maliyyələşdirilən və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatı icra olunan layihə çərçivəsində təşkil olunub və sözügedən mobil tətbiqin yaradılması üçün Coders şirkəti ilə tərəfdaşlıq olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatının Azərbaycan üzrə Layihə Meneceri Mehmet Çakar 4D TVET layihəsi çərçivəsində görülən işlər, nəticələr və növbəti planlara dair təqdimatını paylaşıb və təhsildə rəqəmsal innovasiyanın əhəmiyyətinə toxunub.
Coders şirkətinin həmtəsisçisi Seymur Həmidov universitetlər və peşə məktəbləri üçün nəzərdə tutulmuş mobil proqram üçün tədqimatla çıxış edərək tələbələrin idarə edilməsi, ünsiyyət vasitələri və öyrənmə resursları kimi təhsil müəssisələrinə uyğunlaşdırılmış əsas xüsusiyyətlərə diqqət çəkib.
Tədbir Rəqəmsal Öyrənmənin Gələcəyi mövzusunda panel müzakirəsi ilə davam edib, təhsil və texnoloji sənayedən olan ekspertlər öyrənmə təcrübələrinin artırılmasında mobil proqramların rolu, təhsil müəssisələrinin dəyişən ehtiyaclarına dair çıxış ediblər.
Tədbirdə mobil tətbiqə dair istifadəçi təlimatları və digər texniki sorğularla bağlı iştirakçıların sualları cavablandırılıb.